CƏMİYYƏT
FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Bakı, 14 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) Aran Regional Mərkəzinin 2019-cu tədris ili üçün hazırlıq planına və Kürdəmir Rayon İcra Hakimiyyətinin bu il üçün Mülki Müdafiə tədbirlər planına əsasən, Aran Regional Mərkəzi Kürdəmir rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi məşq keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, məşqə Aran Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin zabit heyəti, Kürdəmir Rayon İcra Hakimiyyətinin mülki müdafiə qərargahı və xidmətləri, həmin xidmətlərdə yaradılmış ərazi mülki müdafiə dəstələri - rabitə və xəbərdarlıq, ictimai asayişin mühafizəsi, sığınacaq və daldalanacaq, yanğın təhlükəsizliyi, elektrik qəza, qaz qəza, su-kanal qəza, tibb, sanitar epidemioloji, baytarlıq, avtonəqliyyat, yol-körpü istismar xidmətlərinin, ərazi kəşfiyyat qrupunun və ərazi xilasetmə dəstəsinin şəxsi heyəti və texnikaları cəlb olunub. Ümumilikdə Kürdəmir rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi məşqinə 12 idarə, müəssisə və təşkilat, 32 ədəd texnika və 140 nəfər şəxsi heyət cəlb edilib.
Məşqin keçirilməsində məqsəd mülki müdafiə tədbirlər planlarının reallığının yoxlanılması, cəlb olunan şəxsi heyətin biliklərinin təkmilləşdirilməsi, qarşılıqlı fəaliyyətin təşkili və bu sahədə əməli vərdişlərin aşılanmasından ibarət olub.
Məşq zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılmış, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Sonda Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini - rayon fövqəladə hallar komissiyasının sədri Tacəddin Novruzov və FHN Aran Regional Mərkəzinin mülki müdafiə idarəsinin rəisi, mayor Elşən Bəşirov çıxış edərək bildiriblər ki, ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə məşqin keçirilməsi əhalinin mülki müdafiə hazırlığının yüksək səviyyədə olmasına təminat verir.
Kürdəmir rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi məşqinin gedişinə baxış keçirildikdən sonra məşqin təhlili aparılaraq yaranan çatışmazlıqlar diqqətə çatdırılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.