CƏMİYYƏT
FHN-in Bakı Regional Mərkəzi fövqəladə hallarda davranış qaydaları ilə bağlı maarifləndirmə tədbiri keçirib
Bakı, 7 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi fevralın 7-də Binəqədi rayonundakı 248 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib.
FHN-dən AZƏRTAC bildiriblər ki, tədbirdə nazirliyin Bakı Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin əməkdaşları iştirak ediblər.
Toplantıda “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, “112 - qaynar xətti”, “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzularında çıxışlar edilib, videoçarxlar nümayiş olunub.
Tədbir iştirakçıların böyük marağına səbəb olub. Sonda suallar cavablandırılıb.