CƏMİYYƏT
FHN-in Bakı Regional Mərkəzində “Bəşəriyyətin təhlükə mənbəyi-narkomaniya” mövzusunda tədbir keçirilib
Bakı, 21 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, belə halların (hadisələrin) qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu tədbirlər sırasında insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi tərəqqini ləngidən, insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan narkomaniyanın qarşısını almaq istiqamətində gənclər arasında aparılan geniş maarifləndirmə işini xüsusi vurğulamaq lazımdır. Azərbaycan Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar nazirliyin qurum və regional mərkəzlərində mütəmadi olaraq narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı barədə şəxsi heyət arasında təbliğat-maarifləndirmə tədbirləri təşkil olunub. Metodiki vəsaitlərin, yaddaş kitabçalarının, bukletlərin, plakatların hazırlanması, şəxsi heyət arasında bu mövzuda iclas, müşavirə, dəyirmi masa ətrafında müzakirələrin, videoçarxların, sənədli filmlərin nümayişləri, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin məsul işçiləri ilə görüşlərin təşkili həyata keçirilib.
Görülmüş işlərin davamı olaraq Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi Bakı Regional Mərkəzinin zabit heyəti arasında “Bəşəriyyətin təhlükə mənbəyi-narkomaniya” mövzusunda tədbir keçirib.
Tədbirdə çıxış edən Baş idarənin Qoşun və qüvvələrin hazırlığı idarəsinin rəisi polkovnik Davud Məmmədov ümumbəşəri bəla olan narkomaniyanın inkişaf sürətinin qarşısının alınması istiqamətində gənclərin potensial imkanlarının genişləndirilməsi, elmə, idmana olan marağının artırılması, mədəni-asudə vaxtının düzgün təşkil olunmasının əhəmiyyəti haqqında danışıb.
Mülki müdafiə qoşunlarının Şəxsi heyətlə iş üzrə şöbəsinin şəxsi heyətin mənəvi-psixoloji hazırlıq bölməsi rəisinin baş köməkçisi, baş leytenant İlqar Abbasov çıxış edərək narkotik asılılıq, onun fəsadları, insan sağlamlığına və mənəviyyatına vurduğu zərbə, ondan qorunma yolları barədə ətraflı məlumat verib, mövzu ilə bağlı fotoslayd və videoçarx nümayiş olunub.
Tədbirdə mövzu ətrafında geniş müzakirələr aparılıb, bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin vacibliyi qeyd olunub.