CƏMİYYƏT
FHN-in Cənub Regional Mərkəzi təlim keçirib
Bakı, 1 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi tərəfindən Xəzər dənizinin Lənkəran şəhərindəki sahil zolağında “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xilasedicilərin sularda təhlükəsizliyinin təmin edilməsi ilə bağlı peşə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təşkil olunan təlimdə FHN-in Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Cənub dalğıc-axtarış qrupunun xilasediciləri iştirak ediblər.
Tədbirdə şərti baş vermiş sudaboğulma hadisəsi zamanı axtarışlar aparılaraq “zərərçəkmiş xilas olunub, ona təxirəsalınmaz ilkin tibbi yardım göstərilib və aidiyyəti üzrə təhvil verilib”.
Təlim bitdikdən sonra nəticələri təhlil olunub, müvafiq tapşırıqlar verilib.
Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.