CƏMİYYƏT
FHN-in Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib
Bakı, 15 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində 2019-cu il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planına əsasən, fevralın 11-15-də inzibati ərazi dairəsi üzrə nümayəndəliklər kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin kurslarda iştirak edən əməkdaşlarına əhalinin baş verə biləcək fövqəladə hadisələrdən mühafizəsi üsulları və davranış qaydaları, idarəetmə orqanlarının fəaliyyəti və əhalinin mühafizəsi sahəsindəki rolu mövzusunda məşğələlər keçirilib. Tədbirdə, həmçinin zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, yerli özünüidarəetmə orqanları rəhbərlərinin mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi, habelə təsdiq olunmuş proqram əsasında mülki müdafiə və fövqəladə hadisələrdən mühafizə sahəsində vəzifələrin yerinə yetirməsi ilə bağlı məlumatlar verilib.
Nəzərdə tutulmuş kursların yüksək səviyyədə keçirilməsi üçün nazirliyin mülki müdafiə işinin təşkili baş idarəsinin əməkdaşları FHN-in Cənub Regional Mərkəzinə ezam olunub və tədrisin aparılmasında əməli kömək göstərilib.
Kursların sonunda proqramı müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.