CƏMİYYƏT


FHN-in Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunda 58 istiqamət üzrə təlimlər keçirilir

Bakı, 6 iyul, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin (SİTGDMDA) Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun Elmi-Tədqiqat İnstitutu texniki təhlükəsizliyin, həmçinin əməyin mühafizəsinin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü işlərini davam etdirir. İnstitutun əsas fəaliyyət istiqamətləri texniki təhlükəsizlik ekspertizası, təcrübə potensiallı obyektlərdə istifadə olunan avadanlıqların texniki təhlükəsizlik üzrə ekspertiza işləridir. Eyni zamanda institut iş yerlərinin attestasiyası və təlim-tədris işləri ilə məşğul olur.

AZƏRTAC xəbər verir ki, bu barədə institutun şöbə müdiri Vüqar Xəlilov jurnalistlərə müsahibəsində bildirib.

Vüqar Xəlilov qeyd edib ki, hazırda institutda 58 istiqamət üzrə təlimlər təşkil olunur. Bunlara ümumilikdə işlərin təhlükəsiz görülməsi, kanatla yanaşma sistemi, kran operatorları, qazanxana operatorları peşələri kimi təlimlər daxildir. Təlim otaqlarında peşələr üzrə ixtisasartırma, əlavə təhsil üzrə təlimlər, xilasetmə təlimləri keçirilir. İnstitutun həm nəzəri, həm də praktiki təlimləri keçmək üçün təlim-məşq poliqonu mövcuddur. Təlim-tədris bölməsində xüsusi proqram təminatı vasitəsi ilə imtahanlar təşkil olunur. Ümumilikdə yarım il ərzində 3200 nəfər təlimlərə cəlb olunub. Tədris otaqlarında eyni vaxtda 90 nəfərdən çox iştirakçıya tədris keçilməsi üçün şərait yaradılıb. Əldə etdiyi nailiyyətlərə görə institut bir necə sertifikata layiq görülüb.

İnstitutun radiasiya, sənayedə gigiyena və sanitariya laboratoriyasının müdiri Etibar Yusifli deyib ki, institut “AZS İSO 17020:2021 Uyğunluğun qiymətləndirilməsi. İnspeksiya həyata keçirən müxtəlif növ orqanların fəaliyyətinə dair tələblər” standartı üzrə akkreditasiyadan keçib. Akkreditasiyanın məqsədi ölkədə qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş normativ, texniki, metodiki bazanın zənginləşdirilməsi, inkişafı və tətbiq edilməsidir. Bununla bağlı bu ilin aprelində Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən institutda audit keçirilib və bütün fəaliyyət istiqamətlərinə uyğun dəyərləndirmə aparılıb və akkreditasıya attestatı verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.