CƏMİYYƏT
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti istirahət mərkəzlərində silsilə maarifləndirmə tədbirlərini davam etdirir
Bakı, 18 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi qaydaları tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən personalı yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə tədbirlərini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu çərçivədə növbəti maarifləndirmə tədbirləri Şəmkir rayonunda yerləşən “Excelsior” və Tovuz rayonundakı “Ayan Palace” otellərində, Gədəbəy rayonundakı “Turşsu” və “Meh” istirahət mərkəzlərində keçirilib.
Tədbirlərdə yanğın təhlükəsizliyinin təmin olunmasına obyekt rəhbərlərinin şəxsən məsuliyyət daşıdıqları, bütün əməkdaşların yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrinin zəruriliyi xüsusi vurğulanıb. Eyni zamanda, bina və binaətrafı ərazilərin təmiz saxlanılmasının vacibliyi diqqətə çatdırılıb, elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına dair tələblər barədə məlumat verilib.
Əməkdaşlarla yanğın zamanı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi, həmçinin su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin tələbləri barədə ətraflı söhbət aparılıb.
Sonda ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları əyani şəkildə izah edilib və suallar cavablandırılıb.