CƏMİYYƏT
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti meşələrdə yanğın təhlükəsizliyinə dair silsilə tədbirlər keçirib
Bakı, 17 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti meşə və meşə zolaqlarında yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq regional ekologiya və təbii sərvətlər idarələrinin müfəttişlərinin iştirakı ilə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Hirkan Milli Parkının, Sabirabad Regional Meşə Bərpası Mərkəzinin Şirvan meşəbəyliyinin, Zərdab rayonunun Çallı, Ucar rayonunun Qazyan, Goranboy rayonunun Gürzallar və Börü kəndlərindəki meşə sahələrinin rəhbər və işçi heyəti üçün “Meşə və meşə zolaqlarının yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbirləri keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub, meşə sahələrində yanğın təhlükəsizliyinə dair tələblər barədə məlumat verilib. Həmçinin, meşələrin və meşəətrafı ərazilərin, yüksək gərginlikli elektrik hava xətlərinin təhlükəsizlik dəhlizlərinin quru ot, kol-kos, qurumuş ağaclardan təmizlənməsinin, yanğınsöndürən maşınların sərbəst hərəkət etməsi üçün yolların genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Tədbirlərdə “Meşələrin yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası, mövzuya aid plakatlar təqdim edilib, meşə və meşə zolaqlarında yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar müvafiq təşkilatlar qarşısında məsələlər qaldırılıb.