CƏMİYYƏT
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti növbəti maarifləndirmə tədbirlərini davam etdirir
Bakı, 9 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Ağstafa rayonunun Muğanlı kəndi ərazisində Qarayazı Dövlət Təbiət Qoruğunda, Qazax rayonunun Daş Salahlı kəndində Avey Dövlət Tarix Mədəniyyət Qoruğunun Damcılı filialında və Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin Cırdaxan meşəbəyliyinin 15 saylı meşə dolayında “Meşələri yanğından qoruyaq” mövzusunda maarifləndirmə tədbirləri keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə həmin müəssisələrin əməkdaşları iştirak ediblər.
İştirakçılara ilkin yanğınsöndürmə alət və vasitələrindən istifadə üsulları, meşələrdə və meşələrə yaxın ərazilərdə yerləşən ictimai-iaşə obyektlərində yanğın təhlükəsizliyi qaydaları barədə ətraflı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.