CƏMİYYƏT


FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektin fəaliyyətini məhdudlaşdırıb VİDEO

Bakı, 17 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən paytaxtın Nizami rayonunun Babək prospekti, məhəllə 2269 ünvanındakı “Gözəl” Müstəqil Çoxprofilli İstehsalat Kooperativinin yataq dəsti istehsalı müəssisəsində aparılmış yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyənləşdirilib. Belə ki, obyekt normaya uyğun ehtiyat çıxış yolu ilə təmin edilməyib və orada yanğınların söndürülməsi üçün normaya uyğun yanğın su hovuzu inşa edilməyib.

Obyektin elektrik təchizatı və elektrik qurğuları “Elektrik qurğularının quraşdırılması qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik xətləri obyektin bəzi sahələrində yanar konstruksiyaların üzəri ilə çəkilib, istehsal və anbar sahələrində müvəqqəti çəkilmiş elektrik xətlərindən, açıq sonluqlu naqillərdən, izolyasiya örtüyü zədələnmiş və sıradan çıxmış naqillərdən istifadəyə yol verilib. Obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb. Müəssisənin istehsal sahələri və ofis binasının divarları yanar materiallarla üzlənib. Obyektin ərazisi və təxliyə yolları tezalışan tullantılardan təmizlənməyib. Obyekt ilkin yanğınsöndürmə vasitələri və odsöndürən balonlarla tam təmin olunmayıb və mövcud olan odsöndürən balonların tərkibi dəyişdirilməyib. Müəssisədə yanğın zamanı insanların və qiymətli əşyaların köçürülməsi üçün təxliyə planı normaya uyğun tərtib edilməyib. Eləcə də işçilər yanğın təhlükəsizliyinə dair təlimatlandırılmayıb və yanğın təhlükəsizliyinin təmin edilməsi barədə tədbirlər işlənib hazırlanmayıb. Obyektdə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib. O, yanğın təhlükəsizliyi xidmətinin çağırış telefon nömrələrini bildirən göstərici lövhələrlə təmin edilməyib. Müəssisənin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, qanunvericiliyin tələblərinə uyğun olaraq, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhərinin Nizami rayonunun Babək prospekti, məhəllə 2269 ünvanındakı “Gözəl” Müstəqil Çoxprofilli İstehsalat Kooperativinin yataq dəsti istehsalı müəssisəsində işlərin və xidmətlərin göstərilməsinin məhdudlaşdırılması barədə qərar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.