CƏMİYYƏT


FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlərini davam etdirir

Bakı, 14 sentyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun ölkədə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu çərçivədə, xidmət tərəfindən Qəbələ rayonunun Qəmərvan kəndindəki istirahət mərkəzində aparılan plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində insan həyat və sağlamlığına, ətraf mühitə, eləcə də dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaradan çoxsaylı nöqsanların mövcud olduğu aşkarlanıb. Obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb. Eləcə də, odadavamlılığın artırılması üçün tikililərin taxta konstruksiyaları odadavamlı məhlulla hopdurulmayıb. Habelə, tələb olunan sahələrdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb. Həmçinin obyekt normativ sənədlərin tələblərinə uyğun olaraq odsöndürənlərlə təchiz edilməyib. Bundan başqa elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, elektrik işlədicilərinin yanğın təhlükəli vəziyyətdə istismarına yol verilib.

Beləliklə, mövcud vəziyyət, o cümlədən obyektdə ilkin yanğınsöndürmə vasitələrinin olmaması baş verə biləcək yanğın zamanı vəziyyətə operativ müdaxilənin mümkünsüz olacağını, bununla da yanğının qısa zamanda geniş sahəyə yayılmaqla faciəni qaçılmaz edəcəyini deməyə əsas verib.

Göstərilən nöqsanlar nəzərə alınmaqla, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə “Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 25-ci maddəsinin 9-cu bəndini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 28-ci maddəsini və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndinin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkarlanmış Qəbələ rayonunun Qəmərvan kəndində fəaliyyət göstərən istirahət mərkəzində işlərin görülməsinin və xidmətlərin göstərilməsinin dayandırılması barədə qərar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.