REGİONLAR
FHN-in Gəncə Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib
Gəncə, 12 may, Elcan Məmmədov, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.
Tədbir iştirakçıları əvvəlcə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin həyətində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Dövlət Himni səsləndirildikdən sonra tədbirin açılışında çıxış edən FHN Gəncə Regional Mərkəzinin rəisi, polkovnik Asif Məmmədli, Gəncə Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və digərləri yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.
Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Komandaların təqdimatı” adlı üç mərhələdən ibarət olub.
Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Gəncə şəhər M.Müşfiq adına 14 saylı tam orta məktəbi I yeri, Ağstafa rayonu Alı Mustafayev adına Həsənsu kənd tam orta məktəbi II yeri, Gədəbəy rayonu Zəhmət kənd tam orta məktəbi isə III yeri tutub. Yarışda fərqlənən komandalar müvafiq yerlər üzrə kubok və diplomlarla təltif olunublar.
Birinci yeri tutan komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.