CƏMİYYƏT
FHN-in Mülki Müdafiə Qoşunları maarifləndirmə tədbiri keçirib
Bakı, 28 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Lənkəranda yerləşən N saylı hərbi hissəsində Lənkəran Şəhər Gənclər və İdman Baş İdarəsinin, eləcə də Lənkəran Dövlət Humanitar Kolleci tələbələrinin və Sütəmordov kənd orta məktəbinin şagirdlərinin təmsil olunduqları “Şahinlər” komandalarının iştirakı ilə maarifləndirici tədbir keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, hərbi hissənin sıra meydanında düzülən iştirakçılara mülki müdafiə haqqında nəzəri biliklər verilib. İştirakçılara 1 mart – Beynəlxalq Mülki Müdafiə Gününün yaranması, nazirliyin Mülki Müdafiə Qoşunlarının fəaliyyəti və xilasetmə avadanlığı haqqında ətraflı məlumat verilib. Sonra iştirakçılara təlim nöqtələrinin açılması, zərərçəkmişlərin xilas edilməsi, onlara ilk tibbi yardımın göstərilməsi və s. bu kimi praktik tapşırıqlar verilib.
Tədbirə cəlb edilən məktəbli gənclər fərdi mühafizə vasitələri, mühəndis istehkam qurğuları ilə tanış olublar.
Bildirilib ki, təbii fəlakətlərin və texnogen qəzaların tez-tez baş verdiyi müasir dünyada mülki müdafiə işinin, mülki əhalinin təxliyəsinin təşkili, eləcə də zərərçəkmiş insanların mənəvi-psixoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə maarifləndirici tədbirlərin keçirilməsi əhəmiyyətlidir.