CƏMİYYƏT
FHN-in Mülki müdafiə qoşunlarında çoxnövçülük üzrə birincilik keçirilib
Bakı, 30 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) Mülki müdafiə qoşunlarının Qəbələ şəhərindəki N saylı hərbi hissəsində hərbi çoxnövçülük üzrə birincilik keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, birinciliyin keçirilməsində məqsəd şəxsi heyəti idman oyunlarına cəlb etməklə onların peşəkar və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Sonra iştirakçılar ümummilli lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Tədbirdə çıxış edən zabitlər Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə peşəkar idmana göstərilən qayğıdan söz açıb, Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını bildiriblər.
Sonra birinciliyə start verilib. Proqrama uyğun olaraq yarışlar maneələr zolağının dəf edilməsi, turnikdə güc çalışmaları, 1000 metr məsafəyə qaçış, dağa dırmanma növləri üzrə keçirilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən birincilikdə hərbçilər güclərini həm komanda, həm də şəxsi yarışlarda sınayıblar.
Birinciliyin nəticələrinə görə, hərbi hissələr arasında komanda yarışları üzrə birinci yeri Mülki müdafiə qoşunlarının Qəbələdəki N saylı hərbi hissəsinin komandası tutub. İkinci yerdə Gəncə şəhərindəki N saylı hərbi hissənin, üçüncü pillədə isə Quba şəhərindəki N saylı hərbi hissənin komandaları qərarlaşıblar.
Sonda qaliblərə kubok, medal və diplomlar təqdim edilib.