CƏMİYYƏT


FHN-in Qarabağ Regional Mərkəzi orta məktəblərin müəllimləri üçün mülki müdafiə kursları təşkil edib

Bakı, 16 sentyabr, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi xidməti ərazilərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin və onlara bərabər tutulan digər təhsil müəssisələrinin mülki müdafiə fənnini tədris edən II, V və VI sinif rəhbərləri ilə kurslar keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, kursların keçirilməsində məqsəd məktəblərdə mülki müdafiəni tədris edən müəllimlərin bu sahə üzrə bilik və bacarıqlarının artırılması olub.

Tədbirlərdə Qarabağ Regional Mərkəzinin, müvafiq rayonların təcili təxirəsalınmaz tibbi yardım stansiyalarının əməkdaşları iştirak ediblər.

Kurslarda Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, mülki müdafiənin təbliğində müəllimlərin rolundan danışılıb, “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, “112 qaynar xətti”, “Civə dağılmaları zamanı davranış qaydaları” mövzularında çıxışlar edilib. Tədbir iştirakçılarına fövqəladə hallar, fövqəladə hal baş verdikdə insanların davranışı, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları barədə müfəssəl məlumatlar verilib, mövzulara aid videoçarxlar nümayiş olunub.

Kurslar zamanı odsöndürən balonlardan istifadə qaydaları barədə məlumat verilərək əyani nümayiş etdirilib.

Tədbirlərdə müxtəlif növ fövqəladə hallar zamanı düzgün davranış qaydaları, həmçinin mülki müdafiənin təşkili ilə bağlı plakatlar nümayiş olunub.

Kursların keçirilməsi zamanı mövzular üzrə verilmiş çoxsaylı suallar ətraflı cavablandırılıb, müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.