CƏMİYYƏT
FHN-in Qarabağ Regional Mərkəzində mülki müdafiə kursları keçirilib
Bakı, 24 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzində “İnzibati ərazi dairəsi üzrə nümayəndələr” kateqoriyası üzrə növbəti mülki müdafiə kursları keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, “2020-ci il üçün mülki müdafiə kurslarının komplektləşdirmə planı”na əsasən təşkil olunan kurslarda bu regiondakı rayonların inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin məsul şəxsləri iştirak ediblər.
Kurslarda əhalinin baş verə biləcək fövqəladə hadisələrdən mühafizə üsulları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, idarəetmə orqanlarının əhalinin mühafizəsi sahəsindəki rol və vəzifələri, zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi, həmçinin mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqların təkmilləşdirilməsi mövzularında məşğələlər keçirilib. Tədbirlərdə mövzulara aid fotoslayd və videoçarxlar nümayiş etdirilib, dinləyicilər xüsusi xilasetmə avadanlığı ilə yaxından tanış olublar.
Sonda kursları uğurla başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.