CƏMİYYƏT
FHN-in Şimal Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib
Bakı, 16 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzi Xaçmaz rayonunda hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, nümunəvi mülki müdafiə məşqinin keçirilməsində məqsəd əhalinin ərazidə baş verə biləcək təbii fəlakətlərin nəticələrinin operativ şəkildə aradan qaldırılmasına hazırlıq səviyyəsinin yoxlanılması və daha da yüksəldilməsi, eyni zamanda idarə, təşkilat və müəssisələrdə yanğın təhlükəsizliyi və mülki müdafiə ilə bağlı nəzarət və maarifləndirmə işinə dair bilik və vərdişlərin aşılanması olub.
Tədbir zamanı Xaçmaz rayonu üzrə rabitə və xəbərdarlıq sisteminin vəziyyətinin, fövqəladə hadisələrdə qarşıda duran vəzifələrin yerinə yetirilməsi zamanı mülki müdafiə qüvvələrinin hazırlığının, xəbərdarlıq sxemi üzrə hərəkətin, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərinin operativliyi yoxlanılıb.
Toplantıya Xaçmaz rayonunun yerli icra hakimiyyəti orqanlarının Mülki Müdafiə qərargahlarının, ərazi mülki müdafiə qüvvələrinin texnikası, komandir-rəis və şəxsi heyəti cəlb edilib.