CƏMİYYƏT
FHN-in Şimal Regional Mərkəzində mülki müdafiə kursları keçirilib
Bakı, 20 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzində sentyabrın 18-dən 20-dək “Rabitə manqa komandirləri” kateqoriyası üzrə mərkəzi mülki müdafiə kursları keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, kurslar 2019-cu il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planına əsasən təşkil edilib.
Kurslarda dinləyicilərə əhalinin baş verə biləcək fövqəladə hadisələrdən mühafizə və davranış, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, idarəetmə orqanlarının fəaliyyəti və əhalinin mühafizəsi sahəsində rolu, zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi, həmçinin mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqların təkmilləşdirilməsi, habelə təsdiq olunmuş proqram əsasında mülki müdafiə və fövqəladə hadisələrdən mühafizə sahəsində vəzifələrin yerinə yetirilməsi mövzuları üzrə məşğələlər keçirilib.
Kursların yüksək səviyyədə keçirilməsi üçün FHN-in digər yerli qurumların mütəxəssisləri də tədris prosesinə cəlb ediliblər.
Tədbirlərin sonunda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.