CƏMİYYƏT
FHN-in Şimal-qərb Regionunda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib
Bakı, 13 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, FHN-in təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirin açılışında Şimal-qərb Regional Mərkəzinin rəisi polkovnik-leytenant Sadiq Bəkirli, Gənclər və İdman Nazirliyinin Qəbələ Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Müşfiq Abbasov çıxış edərək yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.
Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Komandaların təqdimatı” adlı üç mərhələdən ibarət olub.
Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Qəbələ rayon H.Rəşidov adına Vəndam qəsəbə 2 saylı tam orta məktəbi birinci yeri, İsmayıllı şəhər N.Behdiyev adına 6 saylı tam orta məktəbi ikinci yeri, Qobustan rayon R.Babaşov adına Cəmcəmli kənd tam orta məktəbi isə üçüncü yeri tutub. Yarışda fərqlənmiş komandalar müvafiq yerlər üzə kubok və diplomlarla təltif olunub.
Birinci yeri tutan komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.