CƏMİYYƏT
FHN-in Sumqayıt Regional Mərkəzi kompleks mülki müdafiə təlimi keçirib
Bakı, 19 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi “Azərikimya” İB-nin Etilen-Polietilen zavodunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirib.
FHN-dən AZƏRTAC-a bildirilib ki, təlimə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, “Etilen-Polietilen” zavodunun hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri, Sumqayıt şəhər Polis İdarəsinin Post Patrul Xidmətinin, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin, Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasının, “Azərişıq” ASC-nin Şimal Elektrik Təchizatı və Satışı İdarəsinin, Sumqayıt şəhər Qaz İstismarı Sahəsinin, Sumqayıt Sukanal İdarəsinin və Şəhər Telekommunikasiya Qovşağının şəxsi heyəti və texnikası cəlb olunub.
Təlimin keçirilməsində məqsəd obyekt mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar komissiyasının irimiqyaslı fövqəladə hallar zamanı zavodun əməkdaşlarının və ərazisinin mühafizəsinin təşkili ilə bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsindən, mülki müdafiə idarəetmə orqanlarının və rəhbər heyətin mülki müdafiə qüvvələrinin idarə olunması zamanı vaxtında və düzgün qərarların qəbul olunması, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə əməli vərdişlərinin aşılanmasından ibarətdir.
Eləcə də əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, FHN-in qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin əlaqələndirilməsinə, əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.
Təlim zamanı şərti olaraq zavoda daxil olmuş şübhəli şəxslərin saxlanılması, fövqəladə hal baş vermiş ərazidə ümumi və xüsusi kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, radioaktiv mənbənin axtarışı, partlayış baş vermiş obyektdə axtarış-xilasetmə işlərinin həyata keçirilməsi, zərərçəkmişlərə tibbi yardımın göstərilməsi, kommunal-enerji sistemlərində qəzaların nəticələrinin aradan qaldırılması, insanların təhlükəsiz ərazilərə köçürülməsi kimi tədbirlər həyata keçirilib.
Sonda təlimin təhlili aparılıb, çatışmazlıqlar diqqətə çatdırılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.