CƏMİYYƏT
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Binəqədi rayonunda qanun pozuntusunun qarşısını alıb VİDEO
Bakı, 6 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı şəhərinin Binəqədi rayonu, 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının zirzəmisində fiziki şəxs Qasımov Tural Məmmədtağı oğluna məxsus obyektdə qanunsuz söküntü işlərinin aparılması faktı agentliyin mütəxəssisləri tərəfindən aşkarlanıb.
Göstərilən məsələ ilə əlaqədar FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin həyata keçirdikləri tədbirlər nəticəsində qanunsuz söküntü işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.