CƏMİYYƏT
FHN-in əməkdaşı səmti müəyyənetmə idman növü üzrə açıq ölkə çempionatında birinci yerə layiq görülüb
Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycan Səmti Müəyyənetmə Federasiyasının təşkilatçılığı ilə Bakı şəhərinin Dənizkənarı bulvar və İçərişəhər ərazisində Zəfər gününə həsr olunmuş səmti müəyyənetmə idman növü üzrə açıq ölkə çempionatı keçirilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, çempionatda müxtəlif kateqoriya üzrə dörd komandadan 250-yə yaxın idmançı mübarizə aparıb. Yarışda FHN-in İdman-Sağlamlıq klubunun əməkdaşı mayor Orxan Mansurovun rəhbərlik etdiyi altı nəfərdən ibarət komanda kompas və xəritədən istifadə etməklə bacarıqlarını nümayiş etdiriblər. Komanda yarışlarında nazirliyin komandası 3,4 kilometr məsafədə 18 nəzarət məntəqəsini taparaq finiş xəttinə ikinci çatıblar.
Nazirliyin əməkdaşları şəxsi yarışlarda da məharətlərini göstərərək nailiyyətlər əldə ediblər. Qadınlar arasında şəxsi yarışlarda FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Sevda Verdiyeva üç kilometr məsafədə 12 nəzarət məntəqəsini hamıdan tez taparaq birinci yerə layiq görülüb. Kişilər arasında yarışlarda isə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin daxili xidmət çavuşu Mirzə Hüseynzadə 3,2 kilometr məsafədə yerləşən 12 nəzarət məntəqəsini taparaq üçüncü yerə çıxıb.
Qaliblərə Azərbaycan Səmti Müəyyənetmə Federasiyasının kubok, diplom və medalları təqdim olunub.
Dekabrın 7-də FHN-in İdman-Sağlamlıq Klubunun rəisi polkovnik Füzuli Musayev çempionatda uğur qazanmış idmançılarla görüşərək onları təbrik edib, qaliblərə qiymətli hədiyyələr verərək gələcək yarışlarda uğurlar arzulayıb.
Qeyd edək ki, FHN-in səmti müəyyənetmə üzrə komandası 2022-ci ildə Azərbaycanda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.