CƏMİYYƏT
FHN-in əməkdaşları İsrail Hərbi Hava Qüvvələrinin xatirə medalı ilə təltif olunublar
Bakı, 30 noyabr, AZƏRTAC
Noyabrın 29-da İsraildə yanğınların söndürülməsi ilə bağlı beynəlxalq əməliyyatın başa çatdığı elan edilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar İsrail Dövlətinin daxili təhlükəsizlik naziri Gilad Erdan ölkədə yanğınların söndürülməsində iştirak edən beynəlxalq qrupun üzvləri, o cümlədən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə görüşüb. G.Erdan yanğınların söndürülməsində göstərdikləri fədakarlığa görə onlara təşəkkürünü bildirib, diplom və sertifikatlar təqdim edib. Həmçinin yanğınların söndürülməsində göstərdikləri şücaətə görə FHN əməkdaşları İsrail Hərbi Hava Qüvvələrinin xatirə medalı ilə təltif olunublar.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, noyabrın 25-dən etibarən Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi İsraildə yanğınların söndürülməsi əməliyyatlarına cəlb edilib.