CƏMİYYƏT
FHN-in əməkdaşları Pirallahı rayonunda kiçikhəcmli gəmi istifadəçiləri üçün maarifləndirilmə tədbiri keçirib
Bakı, 6 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxtın Pirallahı rayonunun Gürgan qəsəbəsində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən tədbirdə kiçikhəcmli gəmi istifadəçiləri iştirak ediblər.
Tədbirdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilib. Həmçinin kiçikhəcmli gəmilərə texniki nəzarətin mövcud tələblərinə dair tövsiyələr verilib, bu tip su nəqliyyatı vasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş texniki baxışdan keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları ilə bağlı da maarifləndirilib.
Sonda kiçikhəcmli gəmi istifadəçilərinə həmin gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.