QAN YADDAŞI
FHN-in əməkdaşları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər VİDEO
Bakı, 31 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqının təşkilatçılığı ilə nazirliyin aparat və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrinin sədrləri 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılmış Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ziyarətçilər əvvəlcə Qudyalçay vadisində yerləşən soyqırımı izini itirmək istəyən erməni cəlladlarının qədim Qubanın su ehtiyat anbarları kimi istifadə olunmuş quyulara atdığı faciə qurbanlarının kütləvi sümük qalıqları olan məzarlığa baş çəkiblər.
Sonra kütləvi məzarlığın yanında ucaldılan memorial kompleksdə soyqırımına aid 19 bölmədən ibarət, 1918-ci il hadisələri ərəfəsində dinc Quba həyatını əks etdirən fotoşəkillərlə başlayan və qanlı hadisələrdən sonra cinayəti tədqiq etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərarı və komissiyanın sənədləri, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini əks etdirən xüsusi məzmunlu xəritə, ümummilli lider Heydər Əliyevin soyqırımı haqqında Fərmanı və digər tarixi sənədlərin olduğu muzey ekspozisiyası ilə tanışlıq olub.
Soyqırımı kompleksinə ziyarətdən sonra, FHN-in əməkdaşları Quba şəhərindəki Heydər Əliyev Mərkəzində, Quba Xalçaçılıq Muzeyində, Quba Tarix-Diyarşünaslıq Muzeyinə və bir sıra tarixi yerlərə baş çəkiblər.