CƏMİYYƏT


FHN-in istehkam qrupları işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatlarını davam etdirir

Bakı, 20 noyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin istehkam qrupları işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatlarını davam etdirir. Qırx dörd günlük Vətən müharibəsindən sonra ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi prosesinə aidiyyəti qurumların əməkdaşları ilə yanaşı, Xüsusi Riskli Xilasetmə Xidmətinin minaaxtaran qrupları da cəlb olunub.

Bunu FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sektor müdiri Ehtiram Xəlilov AZƏRTAC-a müsahibəsində deyib.

E.Xəlilov bildirib ki, bu ilin yanvarından başlayan əməliyyatlar əsasən Ağdam və Füzuli rayonları istiqamətində, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində aparılıb. Əməkdaşlar ən müasir avadanlıqla təchiz olunub və bu sahədə müvafiq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər. Düşmən qadağan olunmuş üsullardan istifadə etməklə, beynəlxalq humanitar hüquq normalarını pozaraq ərazilərin minalanması zamanı mənfur xislətini ortaya qoyub. Bütün bunlara baxmayaraq, ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir. Müharibə qalıqları ilə çirklənmiş ərazilər digər dövlət orqanlarının əməkdaşları ilə qarşılıqlı əməkdaşlıq şəraitində təmizlənir.

İşğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin də sürətlə davam etdirildiyini vurğulayan E.Xəlilov bildirib: “Dövlət doğma yurdlarına qayıdacaq vətəndaşlarımız üçün bütün imkanlardan istifadə edir ki, ərazilərdə əhalinin təhlükəsiz yaşaması üçün heç bir əngəl qalmasın. Bölgəyə yaxın ərazilərdə məskunlaşmış vətəndaşlarımıza göstərdikləri səbir və təmkinə, eləcə də minatəmizləmə prosesində dövlətimizin yanında olduqlarına görə minnətdarlığımızı bildiririk. Quruculuq işlərində iştirak edən şəxsləri ərazilərdə ehtiyatlı olmağa, mina və hərbi sursatlardan təmizlənmiş yollardan istifadə etməyə çağırırıq”.

Vətəndaşlara müraciət edərək belə səfərlərdən çəkinməyi, qanunsuz yollarla ərazilərə keçməməyi xahiş edən sektor müdiri vurğulayıb: “Vətəndaşlarımız mina və partlamamış hərbi sursat, şübhəli əşyalar gördükdə dərhal nazirliyin 112 - qaynar xəttinə məlumat versinlər. Partlayıcı qurğuların qurbanına çevrilməmək üçün qoyulan qaydalara həssaslıqla yanaşsınlar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.