CƏMİYYƏT


FHN-in karate komandasının idmançıları beynəlxalq turnirdə uğur qazanıblar

Bakı, 28 aprel, AZƏRTAC

Belarusun paytaxtı Minskdə Dünya Karate Federasiyasının təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Unmei Cup” beynəlxalq turniri keçirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, turnirdə 7 ölkədən 450-dən çox idmançı mübarizə aparıb. Turnirdə FHN-in İdman-sağlamlıq klubunun karate komandasının 3 idmançısı, beynəlxalq və respublika əhəmiyyətli yarışların qalibi olmuş Nicat Kərimli, Nihad Kərimzadə və Xəyal Məmmədov da iştirak edib.

Komandanın üzvü Nicat Kərimli 61 kiloqram çəki dərəcəsində komanda kumite yarışlarında bütün rəqiblərinə qalib gələrək qızıl medal və şəxsi yarışlarda isə gümüş medal qazanıb. Digər idmançımız Nihad Kərimzadə 70 kiloqram çəki dərəcəsində şəxsi yarışlarda 2-ci yer tutaraq gümüş medalla kifayətlənib.

İdmançıların ilk məşqçiləri 6-cı dan qara kəmər sahibləri Akif Kərimov və Rafael Məmmədov, hazırkı şəxsi məşqçiləri isə Əməkdar idman ustası, Əməkdar məşqçi, 2 qat Dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

Aprelin 28-də İdman-sağlamlıq klubunun rəisi polkovnik F.Musayev beynəlxalq turnirdə iştirak etmiş idmançılarla görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, idmançıların hər üçü Azərbaycan Milli Karate Federasiyasının milli komandasının üzvləridirlər.

Karateçilərimiz iyun ayında Kiprdə keçiriləcək Dünya Karate Federasiyasının rəsmi yarışlarından olan Gənclər liqası turnirində də iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.