CƏMİYYƏT
FHN-in nümayəndə heyəti Beynəlxalq Mülki Müdafiə Təşkilatının toplantısında iştirak edib
Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycanın fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) baş katibi vəzifəsini icra edən Belkasem Elketroussinin dəvəti ilə Livanın paytaxtı Beyrutda keçirilən BMMT İcraiyyə Şurasının 52-ci sessiyasında iştirak edib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, sessiyada Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 22 üzv və müşahidəçi ölkə təmsil olunub.
Sessiyada baş katib vəzifəsini icra edən Belkasem Elketroussi səsvermə nəticəsində yekdilliklə BMMT-nin Baş Assambleyasının növbəti iclasına qədər yenidən həmin vəzifəyə seçilib. Baş katibin müavini vəzifəsinə təşkilatın Beynəlxalq Monitorinq və Koordinasiya Mərkəzinin direktoru Andrey Kudinov seçilib.
Toplantıda təşkilatın tərkibində fəaliyyət göstərən Beynəlxalq Monitorinq və Koordinasiya Mərkəzi tərəfindən son bir ildə görülmüş işlər barədə geniş məlumat verilib. Qeyd olunub ki, Mərkəz təşkilata üzv ölkələrdə bir sıra layihələr, treninq və seminarlar keçirib. Həmçinin Mərkəzin 2019-cu il üçün treninq planı təqdim olunub.
Sessiyada fövqəladə hal risklərinin azaldılması, mülki müdafiə və əhalinin fövqəladə hallardan qorunması sahəsində son beş ildə əldə edilmiş nailiyyətlərə, həmçinin Beynəlxalq Mülki Müdafiə Təşkilatının strateji inkişaf proqramının yerinə yetirilməsi ilə bağlı məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.