CƏMİYYƏT
FHN-in nümayəndə heyəti Fəlakət Risklərinin Azaldılması üzrə Qlobal Platformanın işində iştirak edib
Bakı, 17 may, AZƏRTAC
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini, general-leytenant Ragim Lətifovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 13-17-də Cenevrədə keçirilmiş Fəlakət Risklərinin Azaldılması üzrə Qlobal Platformanın işində iştirak edib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, platformanın gündəliyi “Dayanıqlılığın dividentləri: Dayanıqlı və əhatəli cəmiyyətlərə doğru” mövzusuna həsr olunub.
Tədbirin təşkilində əsas məqsəd BMT-yə üzv ölkələr tərəfindən 2015-2030-cu illəri əhatə edən Sendai Fəaliyyət Çərçivəsi sənədinin və Davamlı İnkişaf Məqsədlərinin əhatə etdiyi məsələlər üzrə həyata keçirilmiş işlərin nəzərdən keçirilməsi, qiymətləndirilməsi, habelə bu sənədlər üzrə mövcud regional sazişlərin və fəlakət risklərinin azaldılması üzrə milli strategiyaların təqdim olunması, üzv ölkələrin əldə etdiyi təcrübə və istifadə edilən mexanizmlər üzrə müzakirələrin aparılması olub. Tədbirdə BMT-yə üzv dövlətlərdən yüksək səviyyəli nümayəndə heyətləri iştirak ediblər.
Qlobal Platforma çərçivəsində Ragim Lətifov Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Mehmet Güllüoğlu ilə görüşüb. Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub, Azərbaycanda fəlakətlərin azaldılması üzrə həyata keçirilən layihələr və Fəlakət Risklərinin Azaldılması üzrə Milli Strategiyanın hazırlanması ilə bağlı görülən işlərə toxunulub, təcrübə mübadiləsinin əhəmiyyətindən danışılıb.
Nazir müavini R.Lətifovun BMT-nin Fəlakət Risklərinin Azaldılması Ofisinin Avropa və Orta Asiya üzrə rəhbəri Paolo Albrito ilə görüşündə də Strategiyanın hazırlanması ilə bağlı görülən işlər istiqamətində görülən işlər müzakirə olunub. Görüşdə Milli Strategiyanın yaradılması, bununla əlaqədar fəaliyyət göstərən Milli Əlaqələndirmə Qrupunun işi barədə söhbət açılıb.
Tədbir çərçivəsində Qlobal Platformanın işində iştirak edən ölkələrin rəhbər şəxslərinin iştirakı ilə dəyirmi masa təşkil olunub. Ragim Lətifov tədbirdə iştirak edib.
Sonra Fəlakət Risklərinin Azaldılması üzrə Qlobal Platforma işini davam etdirib. Azərbaycanın fövqəladə hallar nazirinin müavini, general-leytenant Ragim Lətifov tədbirdə ölkəmizin coğrafi mühiti və təbii fəlakət riskləri barədə geniş məruzə ilə çıxış edib. Azərbaycanda təbii fəlakət risklərinin azaldılması istiqamətində görülmüş işlər barədə məlumat verən nazir müavini əhalinin və ərazilərin təbii və texnogen mənşəli fəlakətlərdən qorunması sahəsində əldə olunan nailiyyətlərdən söz açıb. Nazir müavini bu istiqamətdə beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin mühüm rol oynadığını diqqətə çatdıraraq, Qlobal Platformanın fəlakət risklərinin azaldılmasına töhfə verəcəyinə əminliyini ifadə edib. Ragim Lətifov Sendai Fəaliyyət Çərçivəsi sənədinin reallaşdırılması istiqamətində ölkəmizdə görülən işlər barədə də ətraflı məlumat verib.