CƏMİYYƏT


FHN-in nümayəndəsi: Azərbaycan yanğınsöndürənləri Türkiyədə əzmlə çalışırlar

Marmaris, 3 avqust, AZƏRTAC

Azərbaycan Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşları Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi üçün əzmlə çalışırlar. Gündəlik fəaliyyətdə qarşıya qoyulan vəzifələr fədakarlıqla və əzmlə yerinə yetirilir.

Bu fikirləri AZƏRTAC-ın hadisə yerindəki xüsusi müxbirinə FHN-in ictimaiyyətlə əlaqələr idarəsinin baş məsləhətçisi Turqay Abbaslı deyib.

Azərbaycan xilasedici və yanğısöndürənlərinin fəaliyyət göstərdikləri ərazilərdə vəziyyətin böhran həddində olduğunu vurğulayan T.Abbaslı diqqətə çatdırıb ki, havaların kəskin isti keçməsi və küləyin istiqamətinin dəyişkən olması vəziyyəti daha da çətinləşdirir. Bəzi hallarda söndürülmüş ərazilərdə alovun yenidən qalxması ciddi risklər yaradır.

Qeyd edək ki, Marmaris bölgəsi hazırda Türkiyədə ən ciddi böhran məntəqələrindən biridir. Bu bölgədə helikopterlər yanğınların söndürülməsi üçün intensiv fəaliyyət göstərirlər.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə çatıb. FHN-in ikinci qrupu da artıq Türkiyədə təyinat məntəqəsindədir. Bu qrupa 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedici daxildir.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Marmaris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.