CƏMİYYƏT
FHN-in qüvvə və texnikası Astarada leysan nəticəsində köməksiz qalmış 21 nəfəri təxliyə edib
Bakı, 7 noyabr, AZƏRTAC
Noyabrın 6-7-də gecə saatlarında respublikanın cənub bölgəsindəki bəzi rayonlarda yağan leysan xarakterli yağışlar nəticəsində Astaraçay çayında suyun səviyyəsi artıb, Astara rayonunun Rudəkənar kəndində bəzi ərazilər daşqın və yağış suları ilə dolub.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş müraciətlərlə əlaqədar Dövlət Yanğından Mühafizə, eləcə də Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və Cənub Regional Mərkəzinin müvafiq qüvvə və texnikası hadisə rayonuna cəlb olunub. Rayonun Rudəkanar kəndində həyətyanı sahələrin su ilə dolması səbəbi ilə köməksiz vəziyyətdə qalmış 21 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.
Hazırda Astaraçay çayının Rudəkənar kəndindən keçən hissəsində bəndbərkitmə işləri aparılır. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri bəndbərkitmə işlərinin aparıldığı ərazidə növbə çəkirlər.