REGİONLAR


FHN-in təşkil etdiyi Ümumrespublika birinciliyinə yekun vurulub

Qəbələ, 29 iyun, AZƏRTAC

İyunun 29-da Qəbələ şəhərində 60 nəfər şəhid övladının iştirakı ilə Fövqəladə Hallar və Təhsil nazirliklərinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının, Gənclər və İdman Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən "Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika birinciliyinin final mərhələsinə yekun vurulub.

Qəbələ Mədəniyyət Mərkəzində təşkil olunmuş mükafatlandırma mərasimində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, FHN-in İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva, Şimal-qərb Regional Mərkəzinin rəisi polkovnik-leytenant Sadiq Bəkirli, Təhsil, Gənclər və İdman nazirliklərinin nümayəndələri, Qəbələ rayonunun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra yarışlar haqqında FHN-in hazırladığı videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov qalib komandaları təbrik edib. O, yarışın əhəmiyyətindən danışaraq, yarış iştirakçılarına yeni-yeni uğurlar arzulayıb.

Bədii hissə ilə davam edən tədbirdə qaliblərə kubok, diplom, fəxri fərman və qiymətli hədiyyələr, digər iştirakçılara isə fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, komandalar yarışlarda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar. Ümumrespublika birinciliyində birinci yerə Bakı şəhəri 31 nömrəli orta məktəb, ikinci yerə Sumqayıt şəhər 43 nömrəli orta məktəb, üçüncü yerə isə Gəncə şəhər 14 nömrəli orta məktəbin komandası layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.