CƏMİYYƏT
FHN-in xilasediciləri Şamaxı rayonunda su quyusuna düşən bir nəfəri xilas ediblər
Bakı, 13 sentyabr, AZƏRTAC
Sentyabrın 13-də Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Şamaxı rayonunun Muğanlı kəndində bir nəfərin su quyusuna düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumat əsasında dərhal hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, dərinliyi təqribən səkkiz metr olan su quyusuna düşmüş 1963-cü il təvəllüdlü Bədəlov İsa Musa oğlunun üzərinə çay daşları ilə hörülmüş quyunun divarının bir hissəsi tökülüb və vətəndaşın həyatı üçün təhlükəli vəziyyət yaranıb.
Yanğınsöndürən-xilasedicilər operativ olaraq xüsusi vasitələrlə İ.Bədəlovu quyudan çıxararaq həyatını xilas ediblər. Vətəndaş Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.