CƏMİYYƏT
FHN-in yanğın-xilasetmə qrupu Türkiyənin Köyceğiz rayonunda meşə yanğınlarının söndürülməsi əməliyyatlarını davam etdirir
Muğla, 11 avqust, İlyas Zeynallı, AZƏRTAC
Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) qardaş ölkədəki yanğın-xilasetmə qüvvələri Köyceğiz rayonunda yanğınların qarşısının alınması işlərini böyük əzmkarlıqla davam etdirirlər.
AZƏRTAC-ın yanğın bölgəsinə ezam olunan müxbiri xəbər verir ki, Azərbaycan yanğınsöndürənləri Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsində fədakarlıq göstərirlər. Avqustun 11-də Köyceğiz rayonunun Çogenli və Çöverli məntəqələrində yanğınlar baş verib. Bu ərazidə yerləşən FHN-in əməkdaşlarının çevik hərəkət etməsi nəticəsində yanğının əraziyə yayılmasının qarşısı alınıb. Hazırda Azərbaycan və Türkiyə yanğınsöndurənləri bu sahədə yanğınların soyudulması istiqamətində çalışırlar.
Xatırladaq ki, qardaş ölkədə baş verən meşə yanğınlarının söndürülməsi üçün hazırda Türkiyədə FHN-in 743 əməkdaşı fəaliyyət göstərir. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunub.