CƏMİYYƏT


FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət üçüncü qrup Türkiyəyə yola düşüb

Qrupa 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürən daxildir

Bakı, 5 avqust, AZƏRTAC

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – üçüncü qrupu avqustun 5-də saat 11 radələrində qardaş ölkəyə yola salınıb.

AZƏRTAC xəbər verir ki, yanğın-xilasetmə qrupuna 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürən daxildir. FHN-in “BE-200ÇS” tipli amfibiya təyyarəsi isə avqustun 5-də səhər saat 06 radələrində Türkiyəyə yola düşüb.

Qrupun üzvlərini FHN-in Dövlət Yanğından Mühafızə Xidmətinin rəisi general-mayor Füzuli Əsədov yola salıb, onlara müvafiq tapşırıqlar verib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. Yanğınsöndürənlərimiz iki qrupa ayrılaraq Marmaris bölgəsində yanğınların söndürülməsinə çalışırlar. Azərbaycan yanğınsöndürənləri isti hava şəraitində mürəkkəb relyefli dağlıq ərazidə yanğınların söndürülməsi üçün fədakarlıqla mübarizə aparırlar.

FHN-in 1 helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedicidən ibarət yola düşən ikinci qrupu iyulun 31-də qardaş ölkəyə yola salınıb. İkinci qrup Gürcüstandan keçməklə iki sutka ərzində Marmarisə çataraq birinci qrupun üzvlərinə qoşulub. Yanğınsöndürmə qüvvələrinin koordinasiyalı idarəetməsinin təşkili məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də Türkiyədədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.