CƏMİYYƏT


FHN-in yanğın-xilasetmə qüvvələrinin dördüncü qrupu Türkiyəyə yola salınıb VİDEO

Bakı, 6 avqust, AZƏRTAC

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, avqustun 6-da axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – dördüncü qrupu Türkiyəyə yola düşüb.

AZƏRTAC xəbər verir ki, 200 nəfərdən ibarət yanğın-xilasetmə qrupu Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınıb. Uçuşdan əvvəl qrupun üzvlərinə müvafiq təlimatlar verilib.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Alay komandiri polkovnik-leytenant Məmməd Xəlili jurnalistlərə müsahibəsində bildirib ki, dördüncü qrupun şəxsi heyəti 200 nəfərdən ibarətdir. Şəxsi heyət fərdi yanğınsöndürmə vasitələri ilə təmin olunub. Qrupun üzvləri sabah təyin olunan yerlərdə yanğınsöndürmə əməliyyatlarına başlayacaqlar.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. Yanğınsöndürənlərimiz təyinat nöqtələrində yanğınların söndürülməsində fədakarlıqla çalışırlar.

İyulun 31-də FHN-in 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedicidən ibarət ikinci qrupu qardaş ölkəyə yola salınıb. Qrup Gürcüstandan keçməklə iki sutka ərzində Marmarisə çataraq birinci qrupun üzvlərinə qoşulub.

Avqustun 5-də səhər saatlarında FHN-in “BE-200ÇS” tipli amfibiya təyyarəsi qardaş ölkəyə yola düşüb. Həmin gün FHN-in 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürəndən ibarət üçüncü yanğın-xilasetmə qrupu da Türkiyəyə yola salınıb. Media nümayəndələrinin də yer aldığı həmin qrup artıq Türkiyə ərazisindədir və təyinat məntəqəsi istiqamətində hərəkət edir.

Beləliklə, qardaş ölkədə tüğyan edən meşə yanğınlarının söndürülməsi üçün Azərbaycandan ümumilikdə 700-dən çox şəxsi heyət, 93 yanğınsöndürmə texnikası, 1 helikopter və 1 amfibiya tipli təyyarə göndərilib. FHN-in Türkiyədəki qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti qardaş ölkədədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.