CƏMİYYƏT
FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyədə əhali tərəfindən böyük coşqu ilə qarşılanıb
İstanbul, 2 avqust, AZƏRTAC
Türkiyədə fasiləsiz davam edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin qardaş ölkəyə köməyə gəlməsi və dəstə üzvlərinin fədakarlığı qardaş ölkə mətbuatında geniş işıqlandırılır.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Anadolu Agentliyi, “HaberTürk”, “NTV”, “Sabah”, “Hürriyet”, “AHaber” və bir sıra digər media qurumlarında yayımlanan xəbərlərdə Azərbaycanın Türkiyəyə göstərdiyi qardaş dəstəyi yüksək qiymətləndirilib.
Xəbərlərdə Azərbaycan xilasedicilərinin Türkiyə ərazisində əllərində iki ölkənin dövlət bayraqlarını dalğalandıran əhali tərəfindən böyük coşqu ilə qarşılandığı, bu çətin vaxtda qardaş dəstəyinin türk xalqı üçün böyük əhəmiyyət kəsb etdiyi bildirilir. Əhali tərəfindən bu dəstəyin “bir millət, iki dövlət” şüarının növbəti nümunəsi olaraq qiymətləndirildiyi diqqətə çatdırılıb.
Vətəndaşlardan Abdullah Özer yanğını söndürmək məqsədilə “bir millət, iki dövlət” anlayışı ilə ölkəyə gələn Azərbaycan yanğınsöndürənlərini qarşılamaq üçün qardaş ölkələrimizin dövlət bayraqları ilə bəzədilmiş yük avtomaşını ilə Trabzondan sərhəd-keçid məntəqəsinə gəldiyini bildirib. Qrupu qarşılamaq üçün Sarp sərhəd-keçid məntəqəsinin qarşısında altı saat gözlədiyini bildirən A.Özer deyib: “Bizim üçün Azərbaycan və ya Türkiyə, heç bir fərqi yoxdur. Hər ikisi türk torpağıdır. Qardaşlarımız türk torpağındakı yanğını söndürmək üçün buradadırlar. Bununla fəxr edirik”.
Yanğınsöndürənlərimizi qarşılamağa gələn daha bir Türkiyə vətəndaşı Hakan Ekşi isə on gün əvvəl hərbi xidmətini başa vurduğunu, azərbaycanlı qardaşlarını qarşılamaq üçün on saat yol gəldiyini deyib: “Azərbaycanlı qardaşlarımızı qarşılamağa gəldim. Çox qürur duydum. Azərbaycan xalqı var olsun. Qardaş Azərbaycan xalqına təşəkkür edirəm”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul