CƏMİYYƏT


FHN işçilərinin həmkarlar ittifaqı 9 May - Qələbə Günü münasibətilə əsgərlərlə görüş keçirib 

Bakı, 10 may, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqı faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, ittifaq 9 May - Qələbə Günü münasibətilə FHN Mülki Müdafiə Qoşunlarının Bərdə rayonunda və Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən N saylı hərbi hissələrində əsgərlərlə görüşlər təşkil edib.

Tədbirlərdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov çıxışında İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan xalqının rolundan geniş bəhs edib. Qeyd edib ki, Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də, xalqımız müharibənin əvvəlindən axırınadək fəal iştirak edib. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan potensialı faşizmə qarşı müharibəyə cəlb edilib. Böyük Vətən müharibəsi illərində faşizmə qarşı mərdliklə döyüşən Azərbaycan oğulları və qızları öz hünərləri ilə əbədi qəhrəmanlıq dastanı yaradıblar. Bu yolda çoxları fədakarlıqları ilə ölümsüzlüyə, əbədiyyətə qovuşublar.

M.İsmayılov bildirib ki, ölkəmizdə Böyük Vətən müharibəsi iştirakçılarına böyük diqqət və qayğının göstərilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Müdrik dövlət xadiminin 1994-cü il iyunun 28-də imzaladığı “Veteranlar haqqında” qanunda bu diqqət və qayğının hüquqi əsasları müəyyənləşdirilib. Məhz Ümummilli Liderin xalqın təkidli tələbi ilə Azərbaycana rəhbərliyə qayıtması ilə veteranlar təşkilatının fəaliyyəti bərpa olunub, 9 May – Qələbə Günü yenidən dövlət bayramları sırasına daxil edilib, müharibə iştirakçılarının və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılıb. Bu gün veteranlara qayğı siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılıb, müharibə veteranları Prezident təqaüdünə layiq görülüb.

Mehman İsmayılov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun maddi-texniki bazası ən müasir hazırlıq səviyyəsinə qaldırılıb. 2016-cı ilin Aprel döyüşlərində ordumuzun uğurları bunu bir daha təsdiq edir.

Hərbi hissələrin rəhbərləri çıxışlarında FHN işçilərinin həmkarlar ittifaqına təşəkkürlərini bildirib və belə görüşlərin əsgərlərin əhval-ruhiyyəsinə müsbət təsir etdiyini vurğulayıblar.

Görüşlərin sonunda FHN işçilərinin həmkarlar ittifaqı tərəfindən əsgər və zabitlərə bayram sovqatı və xatirə hədiyyələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.