CƏMİYYƏT
FHN işçilərinin həmkarlar ittifaqı Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirib VİDEO
Bakı, 1 fevral, AZƏRTAC
Fevralın 1-də Fövqəladə Hallar Nazirliyində (FHN) nazirliyin işçilərinin həmkarlar ittifaqının təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə nazirliyin əməkdaşları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov tədbirdə çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildən başlayaraq 2 fevral tarixinin ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd edilməsindən, gənc nəslə göstərilən yüksək dövlət qayğısından danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev FHN rəhbərliyi adından gəncləri 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib. Bildirib ki, gənc kadrların yetişdirilməsində Azərbaycanda gənclər siyasətinin banisi ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev gənclərə xüsusi diqqət və qayğı göstərir. Prezidentimizin gənclərlə bağlı imzaladığı fərman və sərəncamlar, təsdiq etdiyi Dövlət proqramları və strategiyalar bunun bariz nümunəsidir. Nazir müavini deyib ki, Azərbaycan dövlətinin bu mütərəqqi siyasi xəttinə uyğun olaraq, FHN-də də gənclərin sosial problemlərinin həllinə, onların vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov çıxışında Azərbaycanın bugünkü inkişaf mərhələsində gənclərin rolundan danışıb. O, gənclərimizin yüksək keyfiyyətli təhsil almaları və əmək fəaliyyətlərinin təşkili məqsədilə Azərbaycan dövləti tərəfindən hər cür şəraitin yaradıldığını qeyd edib.
Gənclər adından çıxış edən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin zabiti Kamal Mustafayev onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkürünü bildirib.
Çıxışlardan sonra xidmətdə fərqlənən və vəzifə borcunu layiqincə yerinə yetirmiş nazirliyin bir qrup əməkdaşına FHN işçilərinin həmkarlar ittifaqının fəxri fərman və qiymətli hədiyyələri təqdim edilib.