CƏMİYYƏT
FHN-nin Akademiyası ilə Mədəniyyət və İncəsənət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 12-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının rəisi general-mayor Baba Salayevlə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Ceyran Mahmudova arasında görüş keçirilib. Universitetdə keçirilən görüşdə hər iki ali təhsil ocağının məsul şəxsləri, professor-müəllim heyəti iştirak edib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, görüş həmin ali təhsil müəssisələri arasında əməkdaşlığın təmin edilməsi məqsədilə təşkil olunub.
ADMİU-nun rektoru Ceyran Mahmudova FHN-nin Akademiyasının nümayəndələrinə rəhbərlik etdiyi ali təhsil ocağı haqqında ətraflı məlumat verib və qonaqları universitetdə yaradılan şəraitlə tanış edib.
Akademiyanın rəisi general-mayor Baba Salayev rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verib. Bildirib ki, akademiya müasir tələblərə cavab verən xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını, nazirliyin fəaliyyət istiqamətləri üzrə əlavə təhsilin həyata keçirilməsini təmin edən xüsusi təyinatlı təhsil müəssisəsidir. Hazırda Akademiyada 400 kursant, 29 magistrant təhsil alır və 60-dan çox professor-müəllim heyəti işləyir. Akademiyanı bitirən kursantlar həyat fəaliyyətinin təhlükəsizliyi və yanğın təhlükəsizliyi mühəndisliyi ixtisaslarına yiyələnirlər.
Görüşdə FHN-nin Akademiyası ilə ADMİU arasında gələcək əməkdaşlığın perspektivlərindən söz açılaraq bu iki ali təhsil ocağı arasında münasibətlərin əhəmiyyətindən danışılıb.
Sonra bu ali təhsil müəssisələri arasında mədəniyyət, elm və təhsil sahələri üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqavilədə mədəni-kütləvi tədbirlərin və idman yarışlarının, simpoziumların, elmi konfransların və seminarların birgə təşkili, qarşılıqlı maraq kəsb edən nəşrlərin, videomaterialların və multimedia proqramlarının, tədris və metodiki ədəbiyyatların mübadiləsi nəzərdə tutulub.