CƏMİYYƏT
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti matros-xilasedici vəzifəsinə müsabiqə elan edir
Bakı, 13 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə elan edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2022-ci ilin çimərlik mövsümündə vakant matros-xilasedici vəzifələri üzrə keçiriləcək müsabiqədə (kişilər üçün) 18-40 yaşlarında, Azərbaycan dilini sərbəst bilən, fiziki cəhətdən sağlam, müddətli hərbi xidmət keçmiş, həmin peşənin tələblərinə uyğun hazırlığı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər ərizə ilə müraciət edərək şəxsiyyət vəsiqəsini, əmək kitabçasını (olanlar üçün), tam orta təhsil və ya orta ixtisas təhsili haqqında sənədi, sağlamlıq haqqında arayışı (qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsindən), 3x4 ölçüdə qırmızı fonda iki ədəd fotoşəkili şəxsən təqdim etməlidirlər.
Fiziki hazırlıq səviyyəsi və üzgüçülük bacarıqları müəyyən olunmuş normativlərə cavab verən namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.
Sənədlər mayın 16-dan etibarən hər gün (istirahət və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Bakı şəhərinin Xətai rayonunun Nəcəfqulu Rəfiyev 26 ünvanında yerləşən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində qəbul edilir.
Müsabiqə ilə bağlı daha ətraflı məlumatı (012) 512-17-26, (012) 512-17-35 əlaqə nömrələri ilə almaq mümkündür.