CƏMİYYƏT
FHN paytaxtın üç rayonunda qanunsuz tikintilərin qarşısını alıb VİDEO
Bakı, 10 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində və Nizami rayonunun C.Naxçıvanski küçəsində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktları aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidmətinin həyata keçirdiyi müvafiq tədbirlər nəticəsində qanunsuz inşaat işlərinin qarşısı alınaraq tikintilərin sökülməsi təmin edilib.
Bundan əlavə, paytaxtın Nərimanov rayonunun Təbriz və T.Şıxəliyev küçələrinin kəsişməsindəki istismarda olan çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsində mərtəbələrarası örtüyün sökülməsi faktı aşkarlanıb.
FHN-in həyata keçirdiyi müvafiq tədbirlər nəticəsində qanunsuz söküntü işlərinin qarşısı alınıb və mərtəbələrarası örtük əvvəlki vəziyyətinə bərpa olunub.