CƏMİYYƏT
FHN qüvvələrinin fəaliyyət göstərdiyi Türkiyənin Muğla vilayətindəki meşə yanğınları tam söndürülüb VİDEO
Bakı, 13 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyə Respublikasına göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri meşə yanğınları ilə mübarizə istiqamətində keçirilən əməliyyatlarda uğurlu fəaliyyətlərini davam etdirirlər.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev avqustun 13-də Muğlada jurnalistlər üçün mətbuat konfransı keçirib.
Konfransda nazir müavini dövlətimizin başçısının qardaş Türkiyə Respublikasına göndərilən Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələri qarşısında qoyduğu tapşırığın yerinə yetirildiyini və rəsmi olaraq Muğla vilayətində meşə yanğınlarının tam söndürüldüyünü bəyan edib.
Nazir müavini meşə yanğınları ilə mübarizə apardıqları müddətdə onlara göstərilən diqqətə və isti münasibətə görə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına minnətdarlığını bildirib.
E.Mirzəyev vurğulayıb ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu iki ölkə arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərində, onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yeni səhifə açılıb və inkişaf etdirilir.
Yanğınların söndürülməsi, yayılmasının qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsi və soyutma əməliyyatlarının yerli qüvvələrlə birgə koordinasiyalı şəkildə həyata keçirildiyini qeyd edən nazir müavini Azərbaycan FHN-in qüvvələrinin fəaliyyət göstərdiyi bölgə və məntəqələr haqqında ətraflı məlumat verib. Etibar Mİrzəyev strateji əhəmiyyət daşıyan Yeniköy və Kəmərköy istilik elektrik stansiyalarında hazırda da növbəli xidmət aparıldığını diqqətə çatdırıb. E.Mirzəyev xatırladıb ki, FHN-in yanğın-xilasetmə qüvvələrinin əsas məqsədi strateji əhəmiyyətli məntəqələrin və əhali məskunlaşmış ərazilərin yanğından mühafizəsini təşkil etmək, yanğınların genişlənməsinin qarşısını almaqla, onları lokallaşdıraraq söndürmək olub.
Nazir müavini bildirib ki, yanğın bölgəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 743 şəxsi heyəti, 97 texnikası, 1 helikopteri və 1 ədəd amfibiya təyyarəsi fəaliyyət göstərib.
Türkiyədəki meşə yanğınları ilə mübarizəyə başlayan gündən FHN-ə məxsus amfibiya təyyarəsi 98, helikopter isə 204 dəfə havaya qalxaraq yanğın ocaqlarına ümumilikdə 1404 ton su boşaldıb.
Hazırda 350 nəfərlik şəxsi heyət və 54 yanğın avtomobilinin ərazidə növbədə olduğunu qeyd edən general-leytenant Etibar Mirzəyev bildirib ki, bazar günü heç bir hadisə baş verməzsə, bu qüvvələrin bazalara çəkiləcəyi, bütün avtomobillərin, texnikaların texniki baxışdan keçiriləcəyi və bundan sonra Vətənə qayıdacaqları gözlənilr.
Sonda mətbuat nümayəndələrinin sualları cavablandırılıb.