CƏMİYYƏT
FHN sularda xilasetmə çoxnövçülüyü üzrə yarış keçirib




Bakı, 7 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin struktur bölmələri arasında “Heydər Əliyev İli”nə həsr olunmuş sularda xilasetmə çoxnövçülüyü üzrə yarış keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, xidmətin “Buzovna” sularda xilasetmə məntəqəsində keçirilən yarışda Bakı və Abşeron yarımadasındakı xilasetmə məntəqələrinin əməkdaşlarından ibarət 18 komanda açıq dənizdə və qapalı hovuzda mübarizə aparıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda komanda hesabında “Pirşağı” məntəqəsi birinci, “Buzovna” məntəqəsi ikinci, “Zuğulba” dalğıc-axtarış qrupu üçüncü yeri tutub. Şəxsi birincilikdə isə Qabil Həsənov birinci, Haşım Babayev və Rahib Ələkbərzadə müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.
Yarışların mükafatlandırma mərasimində çıxış edən Xidmətin rəis müavini daxili xidmət polkovniki Seymur Qaraşov qalibləri təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.
Qaliblərə kubok, medal və diplomlar təqdim olunub.