CƏMİYYƏT
FHN tərəfindən qazi və şəhid ailəsi üzvlərinə psixoloji yardım davam etdiriləcək
Bakı, 19 avqust, AZƏRTAC
Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə 2021-ci ildə Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə Türkiyədən gəlmiş peşəkar psixoterapevtlər və FHN-in psixoloqlarının birgə iştirakı ilə ödənişsiz olaraq psixoloji yardım işi həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bunun davamı olaraq, sentyabrın 5-dən etibarən FHN-in dəvəti ilə qardaş Türkiyədən yenidən 20 nəfərdən artıq peşəkar psixoloq ölkəmizdə olacaq. Türkiyəli mütəxəssislər FHN-in psixoloqları ilə birlikdə Bakı, Gəncə, Bərdə, Qəbələ və Lənkəran şəhərlərində psixoloji yardıma ehtiyacı olan insanların effektiv reabilitasiyasını həyata keçirəcəklər.
Vətən müharibəsi ilə əlaqədar psixoloji problemlər yaşayan vətəndaşlarımız ödənişsiz həyata keçirilən psixoterapevtik yardım üçün nazirliyin 112 - qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.