REGİONLAR
FHN və BMT İP Ağdaşda su və daşqınlar üzrə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbir keçirib VİDEO
Ağdaş, 13 aprel, Şahnəzər Bəşirov, AZƏRTAC
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və BMT-nin İnkişaf Proqramı (BMT İP) aprelin 13-də Ağdaş rayonunda “Su və dayanıqlı inkişaf” mövzusunda birgə tədbir təşkil ediblər. Tədbir “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi çərçivəsində keçirilib.
AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi su və daşqınlar üzrə idarəetməni təkmilləşdirməklə Azərbaycanın dağ icmalarının su çatışmazlığı və daşqın təhlükələrinə qarşı zəifliyini azaltmaqdır. Layihə, həmçinin qanunvericilik və siyasət səviyyəsində idarəetmə bazasının təkmilləşdirilməsi, təşkilati potensialın gücləndirilməsi və icmaların su və daşqınlar üzrə idarəetmədə aktiv iştirak etmələri üçün təlimlərin keçirilməsini nəzərdə tutur.
Tədbirdə FHN-in Mərkəzi Aparatının, Dövlət Su Ehtiyatları Agentliyinin və Aran Regional Mərkəzinin, BMT İP və layihənin tərəfdaş təşkilatlarının, rayon icra hakimiyyətlərinin məsul əməkdaşları, layihəyə cəlb olunmuş beynəlxalq və yerli ekspertlər iştirak ediblər.
BMT İP-in strateji əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev çıxış edərək FHN ilə birgə həyata keçirilən layihənin əhəmiyyətindən və müsbət nəticələrindən söz açıb, iqlim dəyişikliyi və su problemləri haqqında danışıb. O, artan təhlükənin qarşısını almaq, eyni zamanda, icmaların daşqınlara, su çatışmazlığına qarşı davamlılığını gücləndirmək üçün iqlim dəyişikliyinin təsirlərinə proaktiv uyğunlaşmanın zəruri olduğunu qeyd edib.
Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə qarşıya qoyulan məqsədlərin reallaşmasının region üçün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə baş idarəsinin layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə idarəsinin rəisi Azadi Quliyev nazirliyin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı həm beynəlxalq təşkilatlar, həm də xarici dövlətlərin müvafiq qurumları ilə yüksək səviyyədə əməkdaşlıq etdiyini nəzərə çatdırıb, icra olunan layihənin sözügedən istiqamətdə həyata keçirilən fəaliyyətin tərkib hissəsi olduğunu bildirib. İdarə rəisi layihə ilə bağlı həyata keçirilən işlər və əldə olunmuş uğurların nəticələri barədə ətraflı məlumat verib.
FHN-in Şimal-qərb Regional Mərkəzinin rəisi, mayor Sadiq Bəkirli qeyd edib ki, iqlim dəyişikliyi və onun törətdiyi fəsadların aktual məsələ olduğunu nəzərə alaraq, belə tədbirlərin regionlarda tez-tez və davamlı olaraq keçirilməsi əhalinin bu istiqamətdə maarifləndirilməsinə kömək edir.
Sonra layihənin aparıcı məsləhətçisi Fərid Abbasov əldə olunan nailiyyətlərdən söz açıb, FHN-in Su Ehtiyatları Dövlət Agentliyinin sektor müdiri, ekspert Samir Abbasov sel və daşqınların fəsadlarının aradan qaldırılması mövzusunda danışıb.
“Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsinin eksperti Rövşən Abbasov isə “Suların inteqrasiyalı idarə edilməsi” barədə təqdimatla çıxış edib.
Tədbirdə həyata keçirilən layihə çərçivəsində görülmüş işlər haqqında videoçarx nümayiş olunub.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, yerli xarakterli daşqınların aradan qaldırılması üçün ilkin cavabvermə alətləri və avadanlıqlar dəsti yerli icra hakimiyyəti orqanlarına təqdim edilib.