İDMAN
FIA-nın prezidenti Todt hesab edir ki, 2020-ci ilin Formula 1 mövsümü cari təqvim ili ərzində keçiriləcək
Bakı, 9 aprel, AZƏRTAC
Koronavirus pandemiyasına baxmayaraq, Formula 1 maşınları sinfində avtoyürüşlər üzrə dünya çempionatının 2020-ci il mövsümü cari təqvim ili ərzində keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Jan Todt bəyan edib.
Lap əvvəldən çempionatın təqvimində 22 mərhələ nəzərdə tutulub, lakin koronavirus pandemiyasına görə Monako Qran-Prisi ləğv edilib, habelə Avstraliya, Bəhreyn, Vyetnam, Niderland, Çin, İspaniya, Azərbaycan və Kanada mərhələləri qeyri-müəyyən vaxta keçirilib. İyunun 26-28-nə planlaşdırılan Fransa Qran-Prisi hazırda təqvimdə birincidir.
"Çempionata başlamağın mümkün olduğuna əmin olan kimi, hər ay üç mərhələ keçirəcəyik. Əgər iyul-avqust aylarında başlasaq, dekabra qədər altı ayımız və hər ay üç mərhələmiz olacaq", - deyə Todt bildirib.
Todtun sözlərinə görə, 2020-ci il mövsümünün mərhələlərinin bir hissəsinin 2021-ci ildə keçirilməsi ehtimalı son dərəcə azdır.
Yeni koronavirusun yaratdığı xəstəlik ocağı 2019-cu ildə Mərkəzi Çində başlayıb, daha sonra ölkələrin çoxuna yayılıb və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya olaraq qəbul edilib.