DÜNYA
FİDEL KASTRO RƏSMİ NÜMAYƏNDƏ HEYƏTLƏRİNİ QƏBUL ETMƏYƏ BAŞLAMIŞDIR
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, Fidel Kastro ötən ilin iyulunda üzərində cərrahiyyə əməliyyatı aparıldıqdan sonra tam sağalmış və Çin Kommunist Partiyası nümayəndə heyətinin başçısı U Quançjen ilə görüşmüşdür. Bundan əvvəl martın ortalarında F.Kastronun tanınmış Kolumbiya yazıçısı Qabriel Qarsiya Markes ilə görüşü olmuşdu.
2006-cı ilin iyulunda hakimiyyətdən müvəqqəti getmiş Kastro son vaxtlar xeyli fəallaşmışdır. Cərrahiyyə əməliyyatından sonra Kuba lideri Kommunist Partiyasının orqanı olan “Qranma” qəzetində üç məqalə dərc etdirmişdir. Kuba nümayəndələri bildirmişlər ki, Kastro, rəsmən olmasa da, dövlət başçısı vəzifəsinin icrasına başlamışdır.
Kubada Kastronun ÇXR nümayndə heyəti ilə söhbəti barədə ətraflı məlumat verilməsə də, çoxları onun bu nümayəndə heyəti ilə görüşünü sağalmasının sübutu kimi qəbul edir.