İDMAN
FİDE DÜNYA ÇEMPİONU ADI UĞRUNDA MATÇLARI DİRÇƏLDİR
AZƏRTAC “Rossiyskaya qazeta”ya istinadla xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FİDE) dünya çempionu adı uğrunda yarışlar sisteminə dəyişikliklər etmişdir.
İndən belə hər iki ildən bir bu ad uğrunda bir neçə şahmatçının iştirakı ilə yarışlarda deyil, çempionla iddiaçı arasında matçda mübarizə aparılacaqdır.
Dünya çempionu adı uğrunda matçlar cüt illərdə keçiriləcəkdir. FİDE-nin prezidenti Kirsan İlyumjinovun bəyanatında deyildiyi kimi, bu silsilə şahmatı 1886-cı ildə Vilhelm Steynitslə İohann Sukertort arasında dünya çempionu adı uğrunda ilk matçla başlanmış ənənəyə qaytarır.
Dünya kuboku uğrunda yarışlar tək illər üçün planlaşdırılmışdır. 126 ən güclü şahmatçı doqquz qrupda oynayacaqdır. Liderlər, habelə ikinci yerləri tutan dörd qrossmeyster növbəti mərhələdə iki qrupa bölünəcəkdir. Qrupların qalibləri öz aralarında dörd görüşdən ibarət matç keçirəcəklər. Turnirin mükafat fondu 500 min dollar olacaqdır. Qalib rəsmi iddiaçı sayılacaqdır.
2008-ci ilin dünya çempionu adı uğrunda ilk matçın iştirakçılarından biri artıq məlumdur. Bu, rusiyalı Vladimir Kramnikdir. O, keçən il bolqar Veselin Topalovla matçda qalib gəlmiş və dünya şahmat tacını qazanmışdır. Kramnikin rəqibi iddiaçıların ilk matçında müəyyən ediləcəkdir. Bu matç mayın 26-dan iyunun 16-dək Kalmıkiyanın paytaxtı Elistada keçiriləcəkdir.
Gözlənildiyinə görə, bu yarışda Qata Kamski (ABŞ) və Peter Leko (Macarıstan) kimi tanınmış və təcrübəli qrossmeysterlər iştirak edəcəklər.