İDMAN


FIFA 2022-ci il dünya çempionatında komandaların sayı barədə qərarını təxirə salıb

Bakı, 16 mart, AZƏRTAC 

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) Mayamidə keçirilmiş iclasında qəbul olunan əsas qərarlar dünya klub çempionatının formatının dəyişdirilməsi, həmçinin bu il keçiriləcək qadınlar arasında duya birinciliyində hakimlərə videoyardım sisteminin (VAR) tətbiq edilməsi olub.

Daha bir mühüm məsələ - 2022-ci il dünya çempionatında komandaların sayının artırılması üzrə qərar isə FIFA-nın iyun ayında keçiriləcək konqresində qəbul ediləcək. Komandaların sayının 32-dən 48-ə yüksəldilməsini nəzərdə tutan yeni format üzrə final turniri 2026-cı ildə FIFA-nın ötən ilin yayında Moskvada keçirilmiş konqresində ev sahibliyi haqqını qazanmış ABŞ, Kanada və Meksikada baş tutacaq. 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında komandaların sayının artırılması məsələsinə isə baxılmayıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bununla belə, FIFA prezidenti Canni İnfantino artıq ən yaxın dünya çempionatında komandaların sayının artırıla biləcəyini bəyan edib. O, FIFA-nın şurasının iclasında bəyan edib ki, 48 komandanın qarşıdakı dünya çempionatında uğurla çıxış etməsi üçün Fars körfəzi münaqişəsində neytral mövqe tutan qonşu ölkələr Küveyt və Omanın da Qətərə kömək etməsinə ehtiyac var. “Biz bu məqamı ciddi təhlil etməliyik. Bu, mürəkkəb qərardır”, -deyə FIFA prezidenti əlavə edib.

AFP agentliyi artıq hesablayıb ki, 2022-ci il dünya çempionatının təkcə Qətərdə keçirilməyəcəyi təqdirdə komandaların sayının artırılması əlavə 400 milyon dollar gəlir gətirəcək.

FIFA-nın şura iclasının yekunlarına dair mətbuat üçün açıqlamada bildirilir ki, 2022-ci il dünya çempionatına hazırlıq işləri problemsiz davam edir. Turnirin təşkilat komitəsi qeyd edib ki, müvafiq qərarın qəbul ediləcəyinə qədər hazırlıq işlərini 32 komandaya hesablayaraq aparacaq, lakin çempionatın formatının dəyişəcəyini də bu hesaba qatır.

Şura klublar arasında dünya çempionatının formatının dəyişdirilməsini təsdiq edib. Əvvəllər turnir dekabrda yeddi komandanın iştirakı ilə keçirilirdi. FIFA iştirakçıların sayında və turnirin keçirilmə müddətində dəyişiklik edib: bundan sonra çempionata 24 klub qatılacaq və keçirilmə müddəti dörd ildə bir yaya təsadüf edəcək. İlk belə turnir 2021-ci ildə təşkil olunacaq və o, Konfederasiyalar Kubokunu əvəz edəcək. Avropa Futbol Assosiasiyaları Federasiyası (UEFA) səkkiz, Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) altı, Şimali Amerika və Mərkəzi Amerika-Karib hövzəsi futbol konfederasiyaları (CONCACAF) hərəyə üç, Afrika Futbol Konfederasiyası (CAF) üç, Okeaniya Futbol Konfederasiyası (OFC) bir komanda ilə təmsil olunacaqlar.

Bu islahat Avropa futbolunda mənfi reaksiyalara səbəb olub: Avropa Klubları Assosiasiyasının (ECA) idarə heyətinin 15 üzvü FIFA prezidentinə məktub ünvanlayaraq turniri boykot edəcəklərini bildiriblər. ECA-nın bəyanatında deyilir: “Assosiasiya yeni turnirin iqtisadi modelinin auditini aparmaq üçün işçi qrupuna icazə verməkdən imtina edib. Bu cür qərarlar müvafiq biznes aspektlərinin qiymətləndirilməsindən sonra qəbul edilməlidir. Turnirin formatının dəyişdirilməsi Avropa futbolunun maraqlarına ziddir”.

Bəyanatdan sonra ECA-nın nümayəndəsi mövqeyini daha dəqiq ifadə edib: “ECA-nın klubları 2021-ci il klublar arasında dünya çempionatında iştirak etməyəcəklər. Sonralar 2024-cü il turnirində iştirak etmə ehtimalı dəyərləndiriləcək.

Mayamidə keçirilən iclasda qadınlar arasında dünya çempionatında VAR sistemindən istifadə olunması təsdiq edilib. Qeyd olunub ki, bu sistem Rusiyada keçirilmiş dünya birinciliyində uğurla sınaqdan keçirilib. Qadınlar arasında dünya çempionatı iyunun 7-dən iyulun 7-dək Fransada olacaq.

FIFA-nın şura iclasından sonra təşkilatın üç illik maliyyə hesabatı açıqlanıb. Hesabatda qeyd olunur ki, 2018-ci il dünya çempionatından gəlir 5,3 milyard dollar olub. Bu, FIFA-nın 2015-2018-ci illərdə bütün gəlirlərinin 83 faizidir. Rusiyada keçirilən turnir dünya çempionatları tarixinin ən gəlirlisi hesab edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.